Qarpız istehsalı

07.10.2018 | 143 Baxılma | 0 Şərh yazdı

Qarpız bitkisinin əhəmiyyəti və sortları
Qarpız və yemiş meyvələri çox şəkərli, şirəli, sərinləşdirici olub, aclığı və susuzluğu aradan qaldırır. Qarpızda 8-12% şəkər var. 10-15 kq-lıq bir qarpız meyvəsində 1-1,5 kq təmiz şəkər olur. Məhsulun böyük müalicəvi əhəmiyyəti var. O, orqanizmi, xüsusən böyrəkləri və qaraciyəri zərərli maddələrdən təmizləyir. Böyrəklərdə duz və daş yığılmasının qarşısını alır.

Xam və dincə qoyulmuş, habelə çoxillik otlar altından çıxan torpaqları mədəni hala salmaq üçün ilk dəfə o yerlərdə bostan əkilir. Belə torpaqlarda həm də ən yüksək keyfiyyətli bostan məhsulu alınır. Hər hektarda orta hesabla 200-300 sent. qarpız məhsulu alınır. Bostan bitkiləri əksər kənd təsərrüfatı bitkiləri üçün yaxşı sələf bitkisidir.


Qarpızın yüzlərlə sortu vardır. Tezyetişən sortlar 75-80 günə, orta yetişən 85-100 günə, gecyetişənlər 100-120 günə yetişir. Hal-hazırda Azərbaycan bostançılarının 90%-dən çoxu aşğıdakı qarpız sortlarını yetişdirirlər:
1. Cəfərxan
2. Qalaqtika
3. Krimson svit

Qarpız bitkisinin becərilmə üsulları və növbəli əkin
Bostan bitkilərinin toxumunu birbaşa sahələrə əkirlər, və ya şitil üsulu ilə də becərirlər.
Qarpız istixana şəraitində də becərilir. Məqsəd fəraş məhsul almaqdan ibarətdir. Bu halda o təkcə şitil üsulu ilə artırılır.

Şitillər əkilmə dövründə 3-4 yarpaq olmalıdır. Qarpız bitkisi tez böyüyən olduğu üçün belə şitillər 20-30 günə əmələ gəlir. Şitilin yaşı 30 gündən çox olsa onun kök sistemi çox iri olur. Bostançılıqda yüksək, sabit və keyfiyyətli məhsul almağın əsası düzgün növbəli əkinlər tətbiq etməkdir.
Növbəli əkində torpğın münbitliyini artırmaq, alaqlarla, xəstəlik və zərərvericilərə qarşı mübarizə və bitkilərdən yüksək məhsul götürmək üçün onların sahə və vaxt üzrə yerdəyişməsi təşkil edilir.


Təsərrüfat istiqamətindən asılı olaraq qarpız bitkisi əkinlərdə bir neçə cür yerləşdirilə bilər:
1. Növbəli əkindən kənar
2. Tarla növbəli əkinində
3. Yemçilik növbəli əkinində
4. Xüsusi tərəvəz növbəli əkinində.

Torpağın hazırlanması və səpinin aparılması
Əsas şum oktyabr-noyabr aylarında aparılmalıdır. Şum altına torpağın münbitlik dərəcəsindən asılı olaraq orta hesabla hər hektara 10-15 ton çürümüş peyin, 150-200 kq superfosfat, 150 kq kalium gübrəsi verilməlidir.
Azərbaycanın bostançılıq rayonlarında hazırda şumlanmış sahənin hər hektarına 600-800 m3 dondurma suyu verilir.

Qarpız bitkisi istiyə çox tələbkar olduğundan onların toxumu başqa istiyə tələbkar bitkilərə nisbətən gec əkilir. Ona qədər sahədə çoxlu alaq əmələ gəlir. Odur ki, əkinə bir neçə gün qalmış alaqları məhv etmək və torpğın fiziki xüsusiyyətlərini yaxşılaşdırmaq məqsədilə iki dəfə kultivasiya aparılır. Birinci kultivasiya 10-15 sm dərinlikdə, ikinci isə əkinə üç gün qalmış 8-10 sm dərinlikdə aparılmalıdır.

Torpağı əkinqabağı becərdikdə və əkinə hazırladıqda torpaq sahəsi müvafiq formada düzəldilir. Bu zaman bitkinin qida sahəsi nəzərə alınaraq 2,5-3 m, bəzən 4 m araları olan şırımlar, şırımlarda isə 0,5-1 m bir-birindən aralı yalaqlar açılmalıdır. Bir çox hallarda çürüntü ilə fosfor və kalium gübrələri qarışdırılaraq yalaqlara verilir və yalağın torpağı ilə yaxşıca qarışdırılır.
Tarlada hər hektara əkilən bostan bitkilərinin normal sıxlığını təmin etmək və nəzərdə tutulan əkin sxeminə düzgün əməl etmək üçün onların toxumlarını və şitillərini əkirlər. Bunu nəzərə aldıqda əkin sxemindən və toxumun iriliyindən asılı oıaraq hər hektara aşağıdakı qədər səpin norması nəzərdə tutulur. Xırda toxumlu qarpız 2-3 kq/ha, iri toxumlu 3-4 kq/ha. toxumlar yığımından sonra da yetişmə keçirir və cücərmə qabiliyyəti yüksəlir.
Torpağın tipindən və digər şəraitindən asılı olaraq qarpız toxumu 3-6 sm dərinliyə əkilir. Qumsal torpaqda toxum dərinə, gilli və çox rütubətli torpaqda isə dayaza əkilir.

Qarpız bitkisinə qulluq
Bostan bitkilərindən yüksək məhsul götürülməsi qulluq işlərinin vaxtında və düzgün yerinə yetirilməsindən asılıdır. Bostan bitkilərinə qulluq dedikdə, suvarma, alaqlama, seyrəltmə, dibdoldurma, gübrələmə, tağların kökləndirilməsi, ucvurma. süni yaxud əlavə tozlandırma, xəstəlik və zərərvericilərə qarşı mübarizə və s. nəzərdə tutulur.

Qarpız bitkisinin xəstəlik və zərərvericilərdən mühafizəsi
Bostan mənənəsi. Bunun sürfələri qarpıza və digər bitkilərə çox ziyan vurur. Dişi mənənələr yumurta tökür, onlar yaşıl-sarı rəngdən tünd qonur rəngə qədər dəyişir. Onlar həm qanadlı, həmdə qanadsız olur. Hər dişi mənənə 35-15-ə qədər sürfə verə bilir.
Ziyanvericilərə qarşı preparatlardan 0,002%-li roqor, poliqor məhlulu və metafosun hər birindən 10 litr suya 30 qram maddə qatmaqla məhlul hazırlanır. Hər hektar sahəyə 500-600 litr məhlul çilənir.
Ziyanverici müşahidə edilən kimi mübarizə tədbirlərinə başlamaq lazımdır ki, onların çoxalmasının qarşısı alınsın. Mənənələr tamamilə məhv olana qədər hər 3-5 gündən bir dərmanlama işi təkrar edilməlidir.

Yemiş milçəyi. Qarpız meyvələrinin ən qorxulu ziyanvericisidir. Milçəyin rəngi sarımtıl, döşü qızıl rəngli tüklərlə örtülmüş olur. Qanadları şəffaf, xarici kənarı isə qonur rəngli olub köndələn üç sarımtıl zolağı vardır. Bu milçəklər qarpız meyvələrini deşərək onların şirəsi ilə qidalanır, yalançı baramadan çıxandan 6-7 gün sonra yumurtalarını yeni əmələ gəlmiş meyvələrin qabığı altına tökür. Yumurtalardan çıxmış sürfələr meyvənin ləti ilə qidalanır. Bir mövsüm ərzində üç nəsil verir.
Yemiş milçəyinə qarşı 0,2% xlorofos məhlulu çilənməli və bu iş hər 7-8 gündən bir təkrar edilməlidir. Hər hektara 500 litr məhlul işlədilməlidir. Çiləmələr çiçəkləməyə yaxın başlanmalı və yığıma 25-30 gün qalmış dayandırılmalıdır.

Antraknoz göbələk xəstəliyidir. Bitkinin bütün orqanlarında xəstəlik törədir. Xəstəliyin nişanəsi yarpaqlar üzəribdə sarımtıl iri,zədələnmiş meyvələrdə, gövdələrdə və saplaqlarda qonur rəngli çökək ləkələr görünməsidir. Hava nəm olduqda bitkilərin bütün zədələnmiş hissələri göbələk sporlarından ibarət çəhrayı örtüyə bürünür.

Meyvələrin saxlanması. Qarpız meyvələrini saxlamaq üçün onları yetişməyə təxminən 3-5 gün qalmış yığmaq lazımdır. Meyvələrdə 2-3 sm uznluqda saplaq saxlamaqla, onları üsullu yığmalı və üzərinə seyrəkcə yaşıl ot səpib, orada 24 saata kimi soluxdurmalı. Sonra həmin meyvələr maşın, lafet və ya araba ilə saxlayıcılara daşınmalıdır. Meyvələri daşıyarkən onları 2-3 cərgədən artıq yığmaq məsləhət görülmür.

Qarpız meyvələrini saxlayarkən saxlayıcıda ən yaxşı şərait havanın nisbi rütubərliyi 60-80%, temperaturu isə 2-30S olmalıdır. Meyvələr saxlandıqları dövrdə hər gün saxlayıcıda onlar yoxlanmalı və azacıq zədələnmişlər istifadəyə verilməlidir. Sortlardan asılı olaraq, meyvələri 3-6 aya kimi normal saxlamaq olur.

agro.gov.az//

Qarpız istehsalı

Şərh yoxdur

Şərh göndər

 38425

google analytics kodunuz